2021-ci ildə qeyri-neft sektoru üzrə dövlət gəlirlərinin həcmi məlum oldu - RƏSMİ

2021-ci ildə qeyri-neft sektoru üzrə dövlət gəlirlərinin həcmi məlum oldu - RƏSMİ

21.12.2020 15:50

2021-ci ildə qeyri-neft sektoru üzrə dövlət büdcəsinin gəlirlərinin bölgüsü açıqlanıb.

Oxu.Az-ın Maliyyə Nazirliyi tərəfindən təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən verdiyi məlumata görə, 2021-ci il üzrə proqnozlaşdırılan dövlət büdcəsinin gəlirlərinin 45,8 faizi və ya 11 milyard 651 milyon manatı qeyri-neft sektorunun payına düşür.

Bildirilib ki, qeyri-neft sektoru üzrə dövlət büdcəsinin gəlirlərinin 48,7 faizini və ya 5 milyard 674 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 33,5 faizini və ya 3 milyard 900 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 7,6 faizini və ya 880 milyon manatını Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert, 2,1 faizini və ya 250 milyon manatını Mərkəzi Bankın mənfəətindən ayırmalar, 8,1 faizini və ya 947 milyon manatını digər gəlirlər təşkil edir.

2021-ci ildə dövlət büdcəsi gəlirlərinin 12 milyard 200 milyon manatı və ya 48 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin, 7 milyard 250 milyon manatı və ya 28,5 faizi Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların, 3 milyard 900 milyon manatı və ya 15,3 faizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 880 milyon manatı və ya 3,5 faizi Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfertin, 250 milyon manatı və ya 1 faizi Mərkəzi Bankın mənfəətindən ayırmaların, 700 milyon manatı və ya 2,7 faizi büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarının, 247 milyon manatı və ya 1 faizi isə digər gəlirlərin payına düşür.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə proqnozlaşdırılan daxilolmaların məbləği ÜDM-in 9,6 faizi həcmində olmaqla 7 milyard 250 milyon manat nəzərdə tutulub. Bu da cari ilin proqnozundan 60 milyon manat və ya 1 faiz çox, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 422,3 milyon manat və ya 5,5 faiz azdır.

Nigar Məmmədova