AFFA məşqçiləri işində saxladı

AFFA məşqçiləri işində saxladı

24.12.2020 13:40

Bu gün AFFA İcraiyyə Komitəsinin ilin son iclası keçirilib.

İclasda AFFA-nın prezidenti Rövnəq Abdullayev, İcraiyyə Komitəsinin üzvləri Elşad Nəsirov, Elxan Məmmədov, Vaqif Sadıqov, Mahir Məmmədov, Firudin Qurbanov, Elmar Məmmədyarov, Zaur Axundov, Fərid Mansurov və Könül Mehdiyeva iştirak ediblər.

Müzakirələrdən əvvəl Vətən müharibəsində, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Aparılmış müzakirələrdən sonra üç qərar qəbul olunub. Bu qərarlardan birində 2021/22-ci il mövsümündə UEFA klub yarışları və Azərbaycan Premyer Liqasında iştirak üçün klubların Lisenziyalaşdırma qaydaları təsdiq olunub.

Həmçinin müqavilə müddəti başa çatmış və yekunlaşmaqda olan aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçilərinin müqaviləsi qarşılıqlı razılıq əsasında uzadılıb (məşqçilərin yaş qruplarında fəaliyyəti pandemiya ilə əlaqədar UEFA tərəfindən müxtəlif turnirlərin ləğv olunması və ya təxirə salınması barədə qərarlara müvafiq şəkildə tənzimlənəcək və müqavilələrin müddəti seçmə mərhələni əhatə edəcək).

Bunlar Milan Obradoviç (U-21 millimizin baş məşqçisi), Samir Əliyev (U-19 yığmamızın baş məşqçisi), Elxan Abdullayev (U-18-in baş məşqçisi), Miloş Velebit (U-17 millimizin baş məşqçisi) və Aqil Nəbiyevdir (U-16-ın baş məşqçisi).

AFFA-nın növbəti Konfransının təxmini müddəti də açıqlanıb. Bu, 2021-ci il yanvarın sonu-fevralın əvvəlində videokonfrans formatında keçiriləcək.