Azərbaycanlı qadın hakim: “Adımın kişilərin arasında göstərilməyi çoxlarını çaşdırıb” - FOTO

Azərbaycanlı qadın hakim: “Adımın kişilərin arasında göstərilməyi çoxlarını çaşdırıb” - FOTO

21.12.2020 19:30

“Artıq altıncı ildir ki, mənim adım FIFA referisi kimi təsdiqlənir. Sadəcə olaraq, bu dəfə adım kişi hakimlərin arasında göstərilib. Bu isə UEFA-nın gender bərabərliyi ilə bağlı tələbindən irəli gəlir. Əvvəl adım ayrıca göstərilirdi”.

Bunu Azərbaycanın qadın futbol hakimi Yuliya Qurbanova Oxu.Az-a açıqlamasında bildirib.

“Saytlarda mənim Azərbaycanın ilk qadın futbol referisi kimi yazılmağımdan sonra çoxlu təbriklər aldım. Mən də deyirəm ki, əvvəllər də FIFA referisi olmuşam. Sadəcə, indi adımın üç kişi referi arasında göstərilməsi çoxlarını çaşdırıb. Həmçinin mənim çimərlik futbolu üzrə referi olduğum da yazılıb. Bu da səhvdir. Yeganə dəyişiklik qadın yan xətt hakimlərindən Gülnurə Əkbərzadəyə Sevda Nuriyevanın qoşulmasıdır”.

Yuliya Qurbanova bildirib ki, o, beynəlxalq matçlar zamanı kişilərin oyununa təyinat ala bilməz:

“Beynəlxalq oyunlarda ancaq qadın komandaların oyunlarında idarəçilik edə bilərəm. Mən üçüncü kateqoriyada olduğum üçün beynəlxalq oyunlarda kişilərin oyunlarına təyinat almıram. Ümumiyyətlə, elit kateqoriyalı qadın hakimlər cəmi üç nəfərdir. Onlar Almaniya (Bibiana Ştaynhausu nəzərdə tutur – S.M.), Fransa və Ukraynadandır. Bu hakimlər elit kateqoriyalı olduqlarından kişilərin oyunlarına təyinat ala bilirlər.

Azərbaycanda isə qızlar liqası və oğlanlarda 15-16 yaşadək oğlanların yarışlarına təyinat alıram. Ancaq martdan bəri bu çempionatlar keçirilmədiyindən, yoxlama oyunlarını saymasaq, hakimlik etmirəm”.

O, indiki durumundan da danışıb:

“Hazırda işsiz kimiyəm. Əvvəl Bakı Su İdmanı Mərkəzində əsasən velosiped məşqləri keçirdim. Ancaq indi ora da pandemiyaya görə bağlı olduğundan, ancaq onlayn məşqlərlə kifayətlənirəm. Buna görə qonorar alıram...

19 yaşadək qızların Avropa çempionatının seçmə mərhələ oyunları fevral ayına keçirilmişdi, yəqin ki

\ da ləğv olunacaq. Ola bilsin ki, həmin matçlar mart, aprel, may aylarında baş tutsun”.

Səbuhi Musayev