“Azəriqaz”dan mülki-hüquqi müqavilərə xitam verilməsi ilə bağlı AÇIQLAMA

“Azəriqaz”dan mülki-hüquqi müqavilərə xitam verilməsi ilə bağlı AÇIQLAMA

24.12.2020 13:14

“Azəriqaz” İstehsalat Birliyi mülki-hüquqi müqavilərə xitam verilməsinə dair açıqlama yayıb.

Birlikdən verilən məlumata görə, Prezident İlham Əliyevin 26 yanvar 2016-cı il tarixində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransında yekun nitqində əhalinin işlə təmin edilməsi və məşğulluq səviyyəsinin artırılması məqsədilə iri dövlət müəssisə və təşkilatlarında haqqı ödənilən ictimai iş yerlərinin təşkil olunması tapşırığına əsasən “Azəriqaz” İstehsalat Birliyi ilə mülki-hüquqi müqavilə əsasında xidmət göstərən fərdi sahibkarla xidməti müqavilələr bağlanılıb.

Bu müqavilələrin sayı təqribən 8500 nəfəri əhatə edir. Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın 4.4.5-ci bəndində işsiz və işaxtaran vətəndaşların müvəqqəti məşğulluğunun çevik və səmərəli təşkili məqsədilə haqqı ödənilən ictimai işlərin təşkili mexanizminin yeniləşdirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib.

Bu sahədə səmərəli idarəetmənin təşkili məqsədilə DOST Agentliyinin tabeliyində “DOST İş Mərkəzi” MMC yaradılıb.

Bu ilin dekabrın 2-də “DOST İş Mərkəzi” MMC ilə “Azəriqaz” İstehsalat Birliyi arasında saziş bağlanıb. Həmin sazişə görə “Azəriqaz” İstehsalat Birliyi dekabrın 30-dan etibarilə fərdi sahibkarlarla bağladığı qüvvədə olan bütün mülki-hüquqi müqavilələrə xitam verməyi, “DOST İş Mərkəzi” MMC isə 2021-ci ilin yanvar ayından həmin şəxslərlə əmək müqaviləsi bağlamağı öhdəsinə götürüb.

Beləliklə, mülki-hüquqi müqavilələrin ləğv edilərək müvafiq qaydada əmək müqaviləsinin bağlanması dövlət səviyyəsində həyata keçirilən bir tədbir olub əhalinin məşğulluğunun, əmək, sosial müdafiə və təminatının yüksəldilməsinə, onların sosial rifah halının daha da yaxşılaşdırılmasına xidmət edir.

“DOST İş Mərkəzi” MMC ilə həmin vətəndaşlar arasında yaranacaq əmək münasibətləri müvafiq qaydada əmək müqaviləsinin bağlanması yolu ilə əmək qanunvericiliyinə uyğun rəsmiləşdiriləcək, vətəndaşlara aylıq 250 manat hesablanmış (xalis 241 manat) əmək haqqı təyin ediləcək, onlar üçün əmək kitabçası açılacaq, bununla onlara iş stajı hesablanacaq ki, bu da gələcək karyeralarında daha yüksək əmək haqqısı olan işə keçmək istədikləri zaman nəzərə alınacaq.

Həmçinin, onlar əmək qanunvericiliyi ilə digər vətəndaşlara verilən məzuniyyət, istirahət və s. hüquqlarından tam istifadə edə biləcəklər.

Bu şəxslər yenə ictimai işlərin yerinə yetirilməsi məqsədilə “Azəriqaz” İstehsalat Birliyinə və digər dövlət müəssisə və təşkilatlarına təhkim olunacaqlar. Əmək müqaviləsinin bağlanmaması üçün yeganə səbəb bunlar ola bilər: vergi borcunun tam ödənilməməsi və VÖEN-in fəaliyyətinin dayandırılmaması və başqa işəgötürənlə qüvvədə olan əmək müqaviləsinin mövcud olması.

Bunlar olmadığı təqdirdə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən mülki-hüquqi müqaviləsinə xitam verilən bütün vətəndaşlarla “DOST İş Mərkəzi” MMC əmək müqaviləsi bağlayacaq.
28 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında hərbi xidmətə çağırılan və mülki-hüquqi müqavilə ilə “Azəriqaz” İstehsalat Birliyinə xidmət göstərən hərbi vəzifəlilərlə bağlanmış xidməti müqavilələrə isə həmin şəxslər tərxis olunanadək xitam verilməyəcək.