Bakıda Atatürk parkında ağaclar niyə kəsilir? - AÇIQLAMA + FOTO

Bakıda Atatürk parkında ağaclar niyə kəsilir? - AÇIQLAMA + FOTO

22.12.2020 09:25

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Atatürk parkında ağaclar kəsilib.

Bu barədə fotolar sosial şəbəkələrdə yayılıb. 

Bildirilib ki, parkda 100-dən artıq əksəriyyəti iri ölçülü olan ağaclar kəsilib. 

Məsələ barədə Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

Qurumun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ağacların yerinə yenisi əkilir:

“Sosial şəbəkələrdə Nərimanov rayonu, Atatürk parkında ağacların kəsilməsi barədə məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən alınan məlumatda bildirilir ki, ağaclar da canlılar kimi xəstələnir, qocalır, onların da ömür sürmə müddəti vardır.

Parkda keçən əsrdə əkilən qovaq ağaclarının da ömrü başa çatmaqdadır. Onların hündür, lakin kövrək gövdələrinin güclü küləklərə davam gətirməyərək, sınmaları insanlar və onların əmlakı üçün təklükə mənbəyinə çevrilir.

Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin iştirakı ilə paytaxtdakı belə ağacların müəyyən edilərək çıxarılması və yerində yeni ağacların əkilməsi işləri aparılır”.

“Bu işlər Atatürk parkında da həyata keçirilir. Parkdakı ömrünü başa vurmuş, çürümüş ağacların çıxarılaraq, əvəzinə Bakı şəhərinin iqliminə uyğun, əvvəlki ağaclara oxşar yeni ağaclar əkilməsi həyata keçiriləcək”, - deyə qeyd edilib.

İlhamə Əbülfət