Bakıda neçə nəfər sürücülük hüququ olmadan avtomobil idarə edib? - RƏSMİ

Bakıda neçə nəfər sürücülük hüququ olmadan avtomobil idarə edib? - RƏSMİ

07.12.2021 12:10

“Cari ilin 11 ayı ərzində paytaxt ərazisində nəqliyyat vasitəsini idarə etmək, yəni sürücülük hüququ olmadan idarə olunması üzrə 1 300-ə yaxın fakt aşkarlanaraq inzibati tənbeh tədbirləri seçilib”.

Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.

O bildirib ki, sürücülük hüququ olmadan avtomobil idarə edən şəxslər tərəfindən törədilən 39 yol-nəqliyyat hadisəsində 18 nəfər həyatını itirib, 29 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb:

“Təbii ki, bu cür hadisələrin qarşısının alınması üçün hər bir şəxsin məsuliyyətini düzgün şəkildə dərk etməsi olduqca önəmlidir. Məsuliyyətsizlik edərək sürücülük hüququ olmadan avtomobil idarə etmək inzibati məsuliyyət yaradırdısa, bu vəziyyət cinayət tərkibi yaradan yol-nəqliyyat hadisələrində şəxsin birbaşa təqsirli hesab olunması üçün əsas yaradan hallardan biri kimi qiymətləndirilir.

Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddəsi ilə 100 manat məbləğində cərimə olunur. Əgər törətdiyi qayda pozuntusunu il ərzində təkrarlayırsa, 200 manat məbləğində cərimə nəzərdə tutulur”.

“Vətəndaşlarımızdan yol hərəkəti qaydalarına ciddi yanaşmağı, sürücülük hüququ olmadan avtomobil idarə etməyin ağır nəticələrə səbəb olduğunu nəzərə alıb, bu qanunsuz əməldən çəkinməyi xahiş edirik”, - o vurğulayıb.

Könül Cəfərli