Birinci kurs tələbələri təqaüd kartlarını ala bilmirlər

Birinci kurs tələbələri təqaüd kartlarını ala bilmirlər

21.12.2020 16:38

Bəzi ali məktəb tələbələri təqaüdlə bağlı problem yaşayır. Belə ki, bu il universitetə yeni qəbul olmuş tələbələrə təqaüdlərin verilməsi gecikir.

Modern.az-ın əməkdaşı mövzu barədə universitetlərlə əlaqə saxlayıb:

Azərbaycan Dövlət İqtisad Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova bildirib ki, universitetdə yeni qəbul olmuş tələbələrə təqaüdlərin verilməsilə bağlı heç bir problem yoxdur: “Tələbələr şəxsiyyət vəsiqələri ilə banka yaxınlaşıb təqaüdlərini nağd şəkildə ala bilərlər. Sadəcə, pandemiya dövrü olduğu üçün smart kartların verilməsi hələlik dayandırılıb”.

ADA Universitetinin əməkdaşı Şəbnəm Məhərrəmova deyib ki, ADA-nın tələbələri akademik göstəricilərinə əsasən qiymətləndirirlər: “Onlara təqaüdlərin verilməsində heç bir problem yoxdur”.

Azərbaycan Dillər Universitetinin mətbuat katibi Ağa Cəfərlinin sözlərinə görə, yeni qəbul olmuş tələbələrə təqaüdlərin verilməsi barədə heç bir problem yoxdur: “Lakin rayonlarda yaşayan tələbələrimiz var ki, onlar gəlib kartlarını götürə bilməyiblər”.

Bakı Mühəndislik Universitetinin mətbuat katibi Elman Babayev vurğulayıb ki, universitetin tələbələrinin hamısı kartla təmin olunub, təqaüdlər də vaxtı-vaxtında ödənilir.

Azərbaycan Texniki Universitetinin mətbuat katibi Sevinc İsgəndərova: “Sərt karantin rejimi olduğu üçün və bölgələrdə yaşayan tələbələrimizi nəzərə alaraq universitetimiz tərəfindən belə qərar verilib ki, şəxsiyyət vəsiqəsi ilə banka yaxınlaşıb, hər ayın təqaüdünü ala bilərlər”.

Lənkəran Dövlət Universitetinin mətbuat katibi Esmira İsmayılova bildirib ki, birinci kurslara təqaüdlərin verilməsi ilə bağlı heç bir problem olmayıb: “Hər ayın 25-nə qədər təqaüdlər ödənilir”.

Bakı Slavyan Universitetinin mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimov: “Birinci tədris ilində təhsil alan tələbələrin təqaüdləri köçürülüb. Amma, mövcud pandemiya səbəbindən plastik kartların verilməsi baş tutmayıb. Bu günlərdə kartlar tələbələrə təqdim olunacaq və tələbələr təqaüdlərini ala biləcəklər”.

Azərbaycan Dövlət Pedaqoji Universiteti hələ ki birinci kurs tələbələrinə nə tələbə bileti verə bilib, nə də plastik kart. Bu universitetin tələbələrinə təqaüdlərin verilməsi barədə də bir söz deyilməyib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində də eyni durumdur. Birinci kurs tələbələri nə tələbə biletini ala biliblər, nə də bank kartını. Amma burada tələbələrə deyilib ki, şəxsiyyət vəsiqəsilə banka yaxınlaşıb təqaüdlərini ala bilərlər.