Braziliyada da koronavirusun yeni ştammı aşkarlandı

Braziliyada da koronavirusun yeni ştammı aşkarlandı

23.12.2020 09:42

Braziliyanın Rio-de-Janeyro əyalətində koronavirusun yeni ştammı aşkar edilib.

Bu barədə “Globo” qəzeti xəbər verir.

Yeni növ “ana” virusun 180 genomundan 38-də mutasiyaya uğramaqla fərqlənir.

Yeni Britaniya ştammında olduğu kimi, Rio-de-Janeyroda da aşkarlanan yeni koronavirus nümunələrinin 94 %-i S-zülalındakı E484K mutasiyasını daşıyır.

Alimlər bu növ koronavirusun iyul ayında Rio-de-Janeyroda ortaya çıxdığını, bundan sonra əyalətin 19 müxtəlif şəhərində infeksiyanın aşkarlandığını müəyyən ediblər.

Bölgədə yeni ştammın dominant olub-olmadığı barədə məlumatlar yoxlanılır.

Braziliya koronavirusa yoluxma hallarına görə dünyada üçüncü yerdədir. Pandemiya dövründə ölkədə 7 milyondan çox COVID-19-a yoluxma qeydə alınıb ki, bunlardan 184 mindən çoxu ölümcül olub.