Erməni təxribatı nəticəsində şəhid olmuş hərbçilərin vərəsələrinə nə qədər ödəniş edilib? - AÇIQLAMA

Erməni təxribatı nəticəsində şəhid olmuş hərbçilərin vərəsələrinə nə qədər ödəniş edilib? - AÇIQLAMA

06.12.2021 12:08

16 noyabr tarixində Ermənistan tərəfindən törədilmiş təxribat nəticəsində Azərbaycanın şəhid olmuş 7 hərbi qulluqçusu və xəsarət almış 10 hərbçi qanunla müəyyən edilən qaydada sığorta ödənişi ilə təmin olunurlar.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev məlumat verib.

O bildirib ki, şəhid olmuş hərbçilərin vərəsələrindən artıq ikisi müraciət edərək Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 11 min manat birdəfəlik sığorta ödənişi ilə təmin ediliblər:

“Növbəti mərhələdə də digər xəsarət almış hərbçilər və şəhid olmuş hərbi qulluqçuların vərəsələri müraciət edərək sığorta ödənişini əldə edə bilərlər”.

Qeyd edək ki, şəhidlərin vərəsələrinə birdəfəlik 11 min manat, xəsarət almış hərbçilərimizə isə üç qrup əlillik dərəcəsinə görə I qrup əlillik dərəcəsi üzrə 8 800 manat, II qrup əlillik dərəcəsinə görə 6 600 manat, III qrup əlillik dərəcəsi üzrə 4400 manat birdəfəlik sığorta ödənişi nəzərdə tutulub. Əlillik dərəcəsi yoxdursa, iki kateqoriya üzrə xəsarət hallarına görə ağır xəsarət almış hərbçilərə 2700 manat, yüngül xəsarət almış hərbçilərə 550 manat birdəfəlik sığorta ödənişi nəzərdə tutulub.

Nigar Məmmədova