İrek Zinnurov: “Bakını sevməsəydim buraya gəlməyə razı olmazdım”

İrek Zinnurov: “Bakını sevməsəydim buraya gəlməyə razı olmazdım”

23.12.2020 12:37

Tatarıstan Respublikasını Rusiya parlamentinin aşağı palatasında təmsil edən Rusiya Dövlət Dumasının millət vəkili İrek Zinnurov parlament səlahiyyətlərindən istefa verərək “Rossotrudniçestvo” agentliyində (Müstəqil Dövlətlər Birliyinin (MDB), xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentliyi) işə başlayıb.

İ. Zinnurov “Rossotrudnichestvo”nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri təyin edilib və bir neçə gündür ki, Bakıdadır.

Media.Az-a ölkəmiz barədə təəssüratlarını danışan İ.Zinnurov, Azərbaycanın paytaxtının həmişə gözəl olduğunu qeyd edib:

“Yəqin ki, Bakını sevməsəydim buraya gəlməyə razı olmazdım. Əlbəttə ki, indi koronavirus pandemiyası bütün şəhərlərə və ölkələrə öz təsirini göstərib. Ancaq bundan qaçmaq olmaz, küçələrdə insanlar azdır, hamı maskadadır. Ancaq şəhərin özü, bir daha təkrar edirəm, gözəldir”.

- Dövlət Dumasında işləyərkən MDB işləri üzrə Avrasiya inteqrasiyası və soydaşlarla münasibətlər komitəsinin üzvü idiniz...

- Bəli və əvvəldən bu komitədə Azərbaycan üzrə səlahiyyətli şəxs idim. Buraya tez-tez gəlirdik və Milli Məclisdəki həmkarlarım da Moskvaya səfər edirdi. Beləliklə hər şey qaydasında getdi və Dövlət Duması komitəsindəki işimi davam etdirmək üçün Bakıya gəlməyə qərar verdim.

İşin istiqaməti haqqında danışırıqsa, sələfim Valentin Denisov rus dili üzrə əla olimpiada keçirdi, “Puşkiniana” tədbiri baş tutdu.  Mən diqqəti gənclərə yönəltmək, onlara ortaq cəhətlərimizin çox olduğunu göstərmək istərdim.