İvo Yosipoviç: “Azərbaycan işğaldan azad olunmuş ərazilərini tezliklə yenidən quracaq”

İvo Yosipoviç: “Azərbaycan işğaldan azad olunmuş ərazilərini tezliklə yenidən quracaq”

23.12.2020 16:50

2010-2015-ci illərdə Xorvatiyanın Prezidenti olmuş İvo Yosipoviç Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

AZƏRTAC-ın yayımladığı təbrik mətnində deyilir:

“Zati-aliləri, hörmətli Prezident Əliyev.

Sizi doğum gününüz münasibətilə təbrik edir və ən xoş arzularımı çatdırıram.

Prezidentliyim dövründə Sizinlə bir neçə dəfə görüşümüz olub. Sizin Xorvatiyaya rəsmi səfəriniz və mənim Azərbaycana rəsmi səfərimlə bağlı ən xoş xatirələrim var. Bir sıra beynəlxalq görüşlərdə Sizinlə ikitərəfli və qlobal məsələləri müzakirə etmək imkanımız olub.

Sizin beynəlxalq münasibətlərdəki çox əhəmiyyətli rolunuzu yüksək qiymətləndirirəm. Xorvatiya ilə Azərbaycanın çoxillik səmimi münasibətlərinin xələfim Zati-aliləri Kolinda Qrabar-Kitaroviçin prezidentliyi dövründə də davam etməsi ölkələrimiz arasında mövcud olan qarşılıqlı hörmət və dostluğu təcəssüm etdirir.

Ümidvaram ki, bu əməkdaşlıq əlaqələri bundan sonra da davam edəcək. Sizin prezidentliyiniz dövründə Azərbaycanın sürətli inkişafı həqiqətən də heyranlıq doğurur.

Əminəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan işğaldan azad olunmuş ərazilərini tezliklə yenidən quracaq və uğurlu inkişaf yoluna davam edəcəkdir.

Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü olmağımdan qürur duyuram. Bu Mərkəz məhz Sizin böyük dəstəyiniz sayəsində beynəlxalq aləmdə mühüm rol oynayan nüfuzlu təşkilatlardan birinə çevrilib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti Azərbaycanın dünyada tanınmasına və mövqeyinin möhkəmlənməsinə töhfə verməkdə davam edir. Dəyərli dəstəyinizə görə Sizə bir daha minnətdarlığımı bildirirəm.

Sizə uzun ömür, cansağlığı və xoşbəxtlik arzulayıram”.