Mikayıl Cabbarov: “Dövlət pandemiyanın əhaliyə təsirini azaldıb”

Mikayıl Cabbarov: “Dövlət pandemiyanın əhaliyə təsirini azaldıb”

23.12.2020 12:20

“Bu il koronavirus (COVID-19) pandemiyası ilə mübarizə və qlobal dəyər zəncirinin pozulması Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib”.

“Report” xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2021-ci il üçün dövlət və icmal büdcələrinin layihələrinin müzakirəsi zamanı İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, karantin rejiminin tətbiqi istehlak bazarında 7,8 faiz azalma ilə nəticələnib.

“Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala qeyri-neft-qaz sektoru üzrə investisiya qoyuluşu 11 faiz azalıb, neft-qaz sektoru üzrə isə 7,8 faiz artıb”, - deyə o əlavə edib.

Nazir həmçinin bildirib ki, 11 ay ərzində əhalinin gəlirləri inflyasiya nəzərə alınmaqla 4 faiz azalıb:

“Dövlətin gördüyü tədbirlər nəticəsində pandemiyanın əhaliyə təsiri azalıb”.