“Möcüzəli çay”ın üzərində yerləşən, Qacarın hücumlarına tab gətirən, 10 əsrin şahidi - FOTOREPORTAJ

“Möcüzəli çay”ın üzərində yerləşən, Qacarın hücumlarına tab gətirən, 10 əsrin şahidi - FOTOREPORTAJ

21.12.2020 16:50

44 günlük Vətən Müharibəsi ilə müzəffər ordumuz işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad edib. Həmçinin, bu zəfərlə Azərbaycan İranla sərhədini tam bərpa edib. 

Cəbrayıl rayonunda yerləşən Xudafərin körpüsü də mənfur düşməndən azad olunub. 10 əsrin şahidi olan körpü “möcüzəli çay” sayılan Arazın üzərində yerləşir. 

Xudafərin körpüsü 1027-ci ildə Şəddadi hökmdarı Fəzl ibn Məhəmməd tərəfindən Rəvvadilərlə mübarizə aparmaq üçün inşa olunub.

Unikal memarlıq abidəsi olan körpüdə Azərbaycan memarlıq məktəbinin üslubu izlənilməkdədir. Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü zamanı bir hissəsi uçurulsa da, sonradan bərpa edilib. Təbii qayalar üzərində inşa edilən körpünün bir hissəsi dövrümüzə qədər gəlib çatıb.

Körpüdən bir qədər aralı daha bir körpü də vardır ki, bu körpü də Xudafərin adlanır. İkinci körpü 11 gözdən ibarət olub və XIII əsrdə, Elxanilər dövründə inşa edilib. Hazırda həmin körpünün yalnız üç aşırımı salamatdır. Hər iki körpü İpək yolunun üzərində yerləşir.

2016-cı ildə Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının qanununu imzalayıb. Bundan sonra Xudafərin Su Elektrik Stansiyasının (SES) tikintisinə başlanılıb. 

Xudafərin SES İranın Şərqi Azərbaycan ostanına daxil olan Xumarlı kəndindən səkkiz kilometr qərbdə və Azərbaycanın Cəbrayıl rayonundakı Xudafərin kəndindən bir km şimal-qərbdə yerləşir. Stansiyanın gücü 102 meqavata bərabərdir. Su anbarı vasitəsilə 75 min hektar ərazinin suvarılması nəzərdə tutulub. 

İşğaldan azad edilən Xudafərin kəndi düşmən vandalizmi nəticəsində tamamilə viran qalıb. 

Oxu.Az-ın əməkdaşı Araz çayını, Xudafərin SES-i, Xudafərin kəndini və Xudafərin körpüsünü lentə alıb.

Həmin fotoları təqdim edirik:

Samir İsayev