“Neftçi”nin qış çempionluğu: Əvvəllər neçə dəfə olub?

“Neftçi”nin qış çempionluğu: Əvvəllər neçə dəfə olub?

25.12.2020 13:12

Azərbaycan Premyer Liqasında qış çempionu adını “Neftçi” qazanıb.

Dünən “Neftçi” “Keşlə”yə 2:1 hesabı ilə qalib gəlməklə, mövsümün qış fasiləsinə birinci yerdə yollanıb.

Bu, paytaxt təmsilçisinin tarixində doqquzuncu belə nəticədir. Sonuncu dəfə iki il öncə qış çempionu olan “ağ-qaralar” fasilədən sonra yenidən eyni göstəriciyə imza atıb.

Azərbaycan çempionatlarının payız-yaz sistemi ilə keçirilməyə başladığı 1993/94 mövsümündən indiyədək ən çox qış çempionluğu qazanan “Neftçi”dir. “Qarabağ”ın isə yeddi belə uğuru var.

“Kəpəz” və “Keşlə” (“İnter” adlandığı dövrdə) hərəyə üç dəfə qış fasiləsinə zirvədə yollanmağı bacarıb. Digər beş mövsümdə isə buna fərqli komandalar imza atıb. “Xəzri”, “Şəmkir”, “Karvan”, “Xəzər Lənkəran” və “Olimpik” (sonrakı “Şüvəlan”) də qış çempionluğu yaşayıb.

Qeyd edək ki, “Neftçi” daha əvvəl 1994/95, 1996/97, 2000/01, 2001/02, 2003/04, 2010/11, 2011/12 və 2018/19 mövsümlərində də qış çempionu ola bilib.