Növbəti ildə təhsil sahəsinə nə qədər pul ayrılacaq? - FOTO

Növbəti ildə təhsil sahəsinə nə qədər pul ayrılacaq? - FOTO

21.12.2020 17:26

Növbəti ilin dövlət büdcəsindən təhsil xərclərinə 3 milyard 277,7 milyon manat vəsait ayrılacaq.

Oxu.Az-ın Maliyyə Nazirliyi tərəfindən təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən verdiyi məlumata görə, bu 2020-ci ilə nisbətən 242,9 milyon manat və ya 8 faiz, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 1 milyard 85,5 milyon manat və ya 49,5 faiz çoxdur.

2021-ci ildə təhsil xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 11,5 faiz təşkil edəcək. Bu isə 2020-ci ilə nisbətən 0,5 faiz-bənd çoxdur.

Təhsil xərclərinin növbəti il üçün proqnozlaşdırılan ÜDM-də xüsusi çəkisi isə 4,3 faiz olacaq.

Təhsil xərcləri üçün ayrılmış vəsaitin 1 milyard 764,7 milyon manatı və ya 53,8 faizi ümumi təhsil xərclərinin, 1 milyard 1,2 milyon manatı və ya 30,5 faizi təhsil sahəsində digər müəssisələrin və tədbirlərin, 319,3 milyon manatı və ya 9,7 faizi məktəbəqədər təhsil xərclərinin, 71 milyon manatı və ya 2,2 faizi orta ixtisas təhsili xərclərinin, 60,9 milyon manatı və ya 1,9 faizi ali təhsilin, 51,1 milyon manatı və ya 1,6 faizi peşə təhsilinin, 9,4 milyon manatı və ya 0,3 faizi əlavə təhsilin və təhsil sahəsində tətbiqi tədqiqatların maliyyələşdirilməsinə yönəldiləcək.

Qeyd edilib ki, 2021-ci ilin dövlət büdcəsində Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasının, “ADA” Universitetinin, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının, Bakı Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, İ.M.Seçenov adına Moskva Dövlət Tibb Universitetinin Bakı filialının, Milli Aviasiya Akademiyasınin maliyyə təminatı üçün 54,7 milyon manat vəsait nəzərdə tutulub.