“Qətlinə fərman verilən” Urmiya gölü: İranın tarixə saldığı növbəti qara ləkə

“Qətlinə fərman verilən” Urmiya gölü: İranın tarixə saldığı növbəti qara ləkə

29.10.2021 16:33

İranın Şərqi və Qərbi Azərbaycan əyalətləri arasında tarixi və möhtəşəmliyi ilə hər bir azərbaycanlıya yaxşı tanış olan Urmiya gölü yerləşir. Uzun illərdir Urmiya gölünün quruması ilə bağlı məlumatlar hər birimizi narahat edir. Ancaq görünür, bu narahatlıqlar artıq peşmançılıqla əvəz olunmağa məhkum edilib. Çünki İran dövlətinin yarıtmaz siyasəti, atılmış səmərəsiz, yanlış addımları artıq ortada narahat olmaq üçün bir əsasın qalmamasına gətirib çıxarır.

Belə ki, Qərbi Azərbaycan əyalətinin regional su şirkətinin rəhbəri Yasir Rəhbərdinin sözlərinə görə, artıq payızın sonuna bu təbiət möcüzəsi xəritədən silinə bilər, ona görə də dərhal gölün bərpası üçün tədbirlər görülməlidir. Bu sözlər regionun və orada yaşayan soydaşlarımızın hansı təhlükə ilə qarşı-qarşı olduğunu əyani şəkildə göstərir. Son 20 ildə gölün su həcmi 95 faiz azalıb. Təkcə bu il ötən ilin analoji dövrü ilə müqayisədə göldəki su səviyyəsi düz iki dəfə azalıb. Rəhbərdin kimi rəsmilərin açıqlamaları həyəcan təbili çalsa da, bu həyəcan təkcə İran dövlətində hiss olunmur.

Tehranın bu laqeydliyi yeni deyil. Nəzərə alsaq ki, gölün məhvə sürüklənməsi ilə bağlı informasiyaların tarixi 1999-cu ilə qədər gedib çıxır, o zaman ötən 20 ildən artıq müddətdə “görülən işlər”in bugünkü yanaşmanın sələfi olduğunu deyə bilərik. İranda bəzi dairələr gölün qurumasına əsas səbəb kimi regiondakı quraqlıq və yağıntıların az olması fikrini sürsələr də, mütəxəssislər və tarix bunun tam əksini deyir. Belə ki, hətta yağıntıların minimum olduğu illərdə belə gölün səviyyəsində heç bir azalmanın olmaması fakt kimi hər zaman İran məmurlarının riyakar açıqlamalarının qarşısına qoyulub. Öz səhvini etiraf etmək istəməyən, regionda yaşayan vətəndaşlarının güzəranını düşünməyən İran rejimi hər nə qədər etiraf etməsə də, məsələ ilə yaxından tanış olanlar gölün qurumasının başlıca səbəbinin İranın “kənd təsərrüfatı inqilab”ı layihəsinin olduğunu bilirlər.

Ölkədə sadəcə kənd təsərrüfatı sahəsində inqilaba ehtiyac olduğunu düşünən İran hökuməti vaxtilə Urmiya gölünə bu layihənin reallaşması ilə ən ağır zərbəni endirib. Səriştəsiz şəkildə inşa olunan su anbarları çaylardan gölə tökülən suyun həcminin kəskin azalmasına gətirib çıxarıb. Məhz bu amil bu gün su səviyyəsi 20 dəfə azalmış Urmiya gölünün sadəcə bir parçasının qalmasına və onun da gec-tez məhvə məhkum olmasına gətirib çıxarıb.

1967-ci ildə qoruq elan olunan və UNESCO-nun qorunan təbii ərazilər siyahısına daxil edilmiş bir ərazidə bugünkü mənzərənin ortaya çıxması, həm də bu hadisənin XXI əsrdə baş verməsi bir dövlət üçün rüsvayçılıq hesab olunmalıdır. Çünki Urmiya gölünün qurumasında təbii amillər ikinci planda dayanır və cüzi rol oynayır, burada dövlətin maraqları və ayrı-ayrı məmurların, rəhbər şəxslərin səhlənkarlığı, səriştəsizliyi ön plana çıxır.

İran dövləti guya səhvini dərk edib su anbarlarının tikintisini dayandırdığını bildirsə də, bu məlumatın da dəqiqliyi böyük suallar doğurur.  Bu sualların yaranmasına səbəb elə İran dövlətinin sonradan ortaya qoyduğu mövqe və saxta narahatlıqlardır. Belə ki, 2009-u ildə ölkədə Urmiya gölünün problemlərinin araşdırılması ilə bağlı dövlət komissiyası yaradılsa da, indiyə qədər bu komissiyanın hansı işlə məşğul olduğu bəlli deyil. Çünki ortaya qoyulan hər hansı bir əməli iş yoxdur. İran dövlətinin riyakar yanaşması təkcə bununla da bitmir. Ötən 20 ildə İranda yaşayan soydaşlarımız dəfələrlə etiraz aksiyaları keçirib, gölün qurumasına qarşı tədbir görülməsini tələb ediblər. Lakin ölkədəki azadlıqları boğmaqda mahir olan İran dövləti bu etirazlara ən sərt şəkildə müdaxilə edib. “Ettelaat” (İran kəşfiyyatı) bu işdə böyük rol oynayıb. Onlar polislə birgə Təbriz və Urmiyada dinc aksiyaçılara qarşı zor tətbiq etməkdən belə çəkinməyiblər.

İran dövlətinin laqeydliyi və qərəzli yanaşması regionun əhalisinin də səbir kasasının daşmasına səbəb olub. Təsadüfi deyil ki, İran rejiminin iç üzünü, qərəzli münasibətini görən yerli əhali bir sıra aksiyalarda İran dövlətindən deyil, beynəlxalq ictimaiyyətdən, təşkilatlardan yardım istəməyə məcbur olub.

“Urmu gölü can verir, Məclis onun qətlinə fərman verir!”

Bu şüar vaxtı ilə etiraz aksiyalarında iştirak edən əkinçiliklə məşğul olan cənublu soydaşlarımız tərəfindən səsləndirilib. İş o yerə çatıb ki, hətta siyasətdən çox uzaq insanlar belə İran dövlətinin “laqeyd”liyinin əsl səbəbləri arasında siyasi maraqların dayandığını görməyə başlayıb.

Tehranın Urmiyanı “ölümə məhkum” etməsinin arxasında dayanan səbəblərdən ən başlıcası azərbaycanlılara qarşı dövlətin ikili standartlar tətbiq etməsidir. İran dövlətinin cənublu soydaşlarımıza qarşı atdığı qəddar addımlar, hüquqlarının pozulması və təqiblərə məruz qalmaları ilə bağlı günaşırı o qədər informasiya yayılır ki, artıq hər kəs ölkədəki durumdan az-çox xəbərdardır. İran dövlətində yaşayan milyonlarla azərbaycanlının hüquqlarının tapdandığı faktı qarşımızdadır. Elə İranın şovinist xəstə təfəkkürlü bir sıra dairələri də Urmiyanın qurumasını məhz azərbaycanlıların problemi kimi görür. Ona görə də Urmiya da məhz milyonlarla azərbaycanlının üzləşdiyi “laqeydlik”lə üz-üzə buraxılıb.

Bir çox azərbaycanlı ictimai fəal ağır təzyiqlərlə üzləşsə də, həqiqəti İran dövlətinin üzünə vurmaqdan da çəkinməyib. Onların fikri də məsələnin arxasında dayanan siyasi maraqların ifşasına yönəlib. Qeyd edirlər ki, İran dövləti Urmiyanın qurumasına qəsdən şərait yaradır. Məqsəd isə sadədir: azərbaycanlıların kompakt yaşadığı ərazilərdən uzaqlaşdırılması.

Gölün səviyyəsində yağıntıların intensiv olduğu illərdə müəyyən artım olsa da, bu, müvəqqəti xarakter daşıyıb. İran dövlətinin “səyləri” isə hər zaman sadəcə sözdə qalıb və nümayiş xarakteri daşıyıb. Belə ki, İrandakı Urmiya gölünün bərpası mərkəzinə 15 milyard tümən (3.6 milyon ABŞ dolları) vəsait ayrılsa da, müvafiq dövlət komissiyası kimi bu mərkəzin də Urmiya gölündən xəbərdar olmadığını söyləmək olar.

Urmiya gölünün quruması böyük ekoloji faciəyə və bölgənin insansızlaşmasına gətirib çıxaracaq. İran dövləti isə bu təhlükəni görsə də, vətəndaşlarının hüquqlarının tapdanması və faciəylə üzləşməsi bahasına öz maraqlarını güdür. Tehran cənubdakı azərbaycanlıları bir çox məsələdə olduğu kimi bu məsələ də taleyin ümidinə buraxır.

Bəlkə də tarixdə bu cür hallar barmaqla sayılacaq qədərdir. İranın ortaya qoyduğu mənzərə misli görünməmiş bir riyakarlıqdan başqa bir şey deyil. Bir dövlətin sırf hansısa mücərrəd təhlükələrə görə belə bir taleyüklü hadisəyə göz yumması tarixə düşən qara ləkədir. Elə bir ləkə ki, Urmiya gölü kiçildikcə, həmin ləkə böyüməyə davam edir...

Orxan Tağıyev