“Rəqəmsal qızlar” texnologiyaları da fəth edir

“Rəqəmsal qızlar” texnologiyaları da fəth edir

23.12.2020 16:10

Qadın proqramçı, qadın startapçı və texnologiya... Bu anlayışları bir zamanlar insanlar abstrakt və anlaşılmaz hesab edirdi. Amma zaman keçdikcə, Azərbaycanda da bu stereotiplər qırılıb desək yanılmarıq.  

Kompüter mühəndisliyi. Son dövrlər informasiya texnologiyaların inkişafı bu sahədə mütəxəsisslərə daha çox ehtiyac yaradır. Bu da təbiidir. Hansı ölkədə yüksək texnologiyalar öndədirsə, bu sahənin mütəxəsislərinə ciddi fikir verilir deməkdir. Odur ki, bir çox gənclərin bu peşəni seçməsi müşahidə edilir. Azərbaycanda qızların da bu sahəyə maraq göstərməsi onlara öz imkanlarını sərgiləmək üçün fürsət verir.

COVID və rəqəmsal dünya... 

Məlumdur ki, 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərindən yayılan koronavirusla bəşəriyyəti təşviş bürüdü. Əfsuslar olsun ki, COVID-19 pandemiyası Azərbaycandan da yan keçmədi və COVID-19-a yoluxma halları qeydə alındı. Pandemiya dövründə insanların sağlamlığının qorunması məqsədilə atılan addımlar bir çox şirkətləri öz işlərini pandemiya şəraitinə uygunlaşdırmağına səbəb oldu.

İstər iş prosesində, istərsə də yaxınlarımızla əlaqə qurmaqda internetlə ünsiyyətin, daha dəqiqi virtual ünsiyyətin əhəmiyyəti böyükdür. Artıq pandemiya dövründə bütün dünyada insanlar “işi evə” daşıdılar. Hər kəs internet üzərində onlayn konfranslara qoşulur, iclaslar onlayn şəkildə təşkil edilir. Eyni zamanda, insanlar öz yaxınları ilə əlaqə saxlamaq üçün internetlə əlaqə qurdular. Bu da bir növ rəqəmsal həyata  addım atmış sayıldı. 

Nazir: Pandemiya dövründə texnologiyalardan istifadəyə ehtiyac sürətlə artdı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “FA International Trade Events” MMC-nin birgə təşkilatçılığı ilə baş tutan onlayn “World Net Summit” adlı beynəlxalq konfransda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə də müasir texnologiyaların günümüzün əsas problemlərindən biri olan koronavirusun həllində mühüm rol oynadığından danışıb:

“Rəqəmsal texnologiyalar pandemiyanın iqtisadi və sosial nəticələrinin daha ağır olmasının qarşısını aldı. Pandemiya dövründə bu texnologiyalardan istifadəyə ehtiyac sürətlə artdı, biz texnologiyanın gətirdiyi dəyişikliklərə də hazır olmalıyıq. Ölkəmizdə pandemiya ilə mübarizə və onun təsirini minimuma endirmək üçün etibarlı strategiya qəbul edilib.

İnformasiya texnologiyalarının geniş tətbiqi ilə yüksək keyfiyyətli və davamlı xidmətlər təqdim etmişik. Azərbaycanda rəqəmsal inkişaf və innovasiyalar hökumətin siyasi gündəmində prioritetdir”.

Stereotipləri qıran “Rəqəmsal qızları”

Görünən odur ki, rəqəmsal texnologiyalar COVID-19 pandemiyasından sonrakı dövrdə daha etibarlı, dayanıqlı dünyanın yenidən qurulmasında mühüm vasitə olacaq.

İndi Azərbaycanda rəqəmsal texnologiyada qadınların da rolu böyükdür. “Rəqəmsal qızları”ın bu sahəyə daha çox sayda cəlb edilməsi və onlara lazımı dəstək verilməsi olduqca önəmlidir.

Kişilər və qadınlar arasında bərabərlik BMT Nizamnaməsində yer alan insan hüquqlarından və BMT-nin Minilliyin İnkişaf Məqsədlərinin əsas vəzifələrindən biridir. Təbii ki, İKT bu məqsədə nail olmaq üçün irəliləyişi sürətləndirməyə kömək edə biləcək alətdir. Məhz buna görə Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Şurası yeni rəqəmsal imkanların göstərilməsi üçün İKT-nin bütün gücündən istifadə edərək ayrı-seçkiliyə son qoymaq və qadın və qızlara dünyada haqlı olaraq layiq olduqları yeri tutmağa imkan vermək üçün bu il diqqətimizi qadın və qızlarla bağlı olan məsələlərə yönəltməyi təklif edib.

İKT-nin belə tətbiqi hər ananın, qız və qadının təkcə dünyaya göz açandan sonra deyil, həm də doğuşdan əvvəlki tibbi xidmətin göstərilməsindən başlayaraq teletibb və digər vasitələrin köməyi ilə ayrı-ayrı ucqar cəmiyyətləri əhatə etməklə ayrılmaz hüquqlarına zəmanət verməlidir. 

Bu gün dünyada qadınların informasiya texnologiyalarındakı payı bir sıra statistik göstəricilərdə də özünü göstərir.

Məsələn, 2019-cu ildə “Fortune 500”-ə daxil olan şirkətlərdən 33-nün CEO-su qadındır. Bu isə 6,6 faiz deməkdir. Ümumilikdə isə “Fortune 500”-ə daxil olan şirkətlərin direktor şuralarının üzvlərinin 25,5 faizi qadınların payına düşür.

Göründüyü kimi, qadınların İKT-yə cəlb edilməsi iqtisadiyyatın daha da inkişafını gücləndirə və stimullaşdıra bilər. Qadınlar yalnız işçi qüvvəsi kimi deyil, onlar həmçinin iş yerlərini yeni və fərqli bacarıqlarla zənginləşdirir, məhsuldarlığı artırır. Qadınlar sahəyə daha yaradıcı elementlər, daha əhatəli yanaşma əlavə edə bilirlər. Biz problemə ümumi baxdıqda, gender sahəsində hüquqi baza həm beynəlxalq, həm də milli sahədə mövcuddur.

Azərbaycan gender bərabərliyini və qadın hüquqlarını təmin edən beynəlxalq konvensiyalara qoşulub. Bu istiqamətdə atılan ən böyük addımlardan biri isə konstitusiyada kişi və qadınlara bərabər hüquq və imkanların təmin edilməsidir.

“Qadın təsisçi kimi startap ekosistemini necə inkişaf etdirmək olar?”

“InnoWeek – İnnovasiya həftəsi 2020” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “FemTech” platformasının birgə təşkilatçılığı, “Wonder Women Azerbaijan”, “Girls Code Azerbaijan”, “Femmes Digitales” və “Wowoman Azerbaijan”ın tərəfdaşlığı ilə “FemTech – Qadınlar Texnologiyada” adlı onlayn tədbir keçirilib.

Tədbirin məqsədi qadınların texnologiya sahəsi üzrə maarifləndirilməsi, bu sahədə təhsilin vacibliyi və geniş iş imkanları barədə məlumatların verilməsi, texnologiya sahəsində fəaliyyət göstərən lider qadınlar arasında şəbəkənin yaradılması olub.

Burada “qadın təsisçi kimi startap ekosistemini necə inkişaf etdirmək olar?”, ikinci hissədə “Qızları texnoloji karyera araşdırmasına və bu sahədə inkişafa təşviq etmək", üçüncü hissədə isə “Qadın startap təsisçiləri üçün “piçinq” üzrə master-klass” mövzuları müzakirə edilib.
Həmçinin startap ekosistemində gender balansını tənzimləmək və stereotipləri sındırmaq üçün yollar təklif edilib. Əsasən gənc qızlardan ibarət olan auditoriya tədbirdə aktiv iştirak edərək, onları maraqlandıran suallara cavablar tapıblar.

Azərbaycan Respublikasının “Gender bərabərliyinin təminatı haqqında” qanunu mövcuddur. Bu qanunda kişi və qadın bərabərliyi, onların bərabər hüquqa malik olması, bu hüquqların həyata keçirilməsinin bərabər təminatı, cəmiyyətdə bərabər sosial vəziyyətə malik olması təsbit olunub.

Texnologiyalar qadınlara və qızlara məhsuldar iş, reproduktiv fəaliyyət və ictimai həyatda iştirak üçün vacib olan məlumatları və əlavə mənbələri əldə etmək imkanı verir. İT-yə çıxışı ilə qadınlar icma, hökumət və qlobal səviyyədə fikirlərini ifadə etmək üçün  daha çox imkana sahib ola bilərlər. Bu qadınlar üçün zaman və məkanda fəaliyyət sərbəstliyini də təmin edir ki, bu da sosial təcriddə qadınlar üçün xüsusi dəyər ola bilər.

Ucqar kəndə yaşayan qadınlar və internet 

Müasir dövrdə rəqəmli iqtisadiyyat inkişaf üçün geniş imkanlar açır. Təsadüfi deyil ki, bütün ölkələr bu istiqamətdə təşəbbüslər irəli sürür, proqramlar, strategiyalar qəbul edir və həyata keçirirlər. Son illər rəqəmli iqtisadiyyatda gender bərabərliyinin bərqərar olunması vacib amil kimi qeyd olunur. Azərbaycanda da bu məqama xüsusi diqqət yetirilir. Son illər informasiya texnologiyaları hətta ucqar kəndlərdə yaşayan qadınlar üçün daha əlçatan olub. Qadınların internetə, sosial şəbəkələrə, müxtəlif veb platformalara çıxışı daha asanlaşdırıb.

Qadınların İT sahəsinə həm menecment səviyyəsində, həm də starptaplar sahəsində böyük həvəs göstərdikləri göz qabağındadır. İnformasiya texnologiyaları sahəsində qadınların iştirakını artırmaq üçün son vaxtlar kifayət qədər müsbət dinamika müşahidə olunur.

İKT maraqlı sektordur. Yaradıcılıq, innovasiya və yeni iş istiqamətləri olan sahədir. Qadın hüquqlarının müdafiəsi qrupları səmərəli formada İKT-dən istifa edib, bir-birləri ilə əlaqə saxlayaraq ictimai rəyi formalaşdıra bilərlər. Təbii ki, bunu etmək üçün qadında əzmkarlıq olmalıdır. Qadın özünü sevməlidir. Bacarıqlı olduğuna özünü inandırmalı və bütün gücünü hədəfinə çatmaq üçün səfərbər etməlidir.

Kompüter qızlarımız üçün xəyallarını gerçəkləşdirəcək bir vasitədir. İKT gələcək üçün işləyir. Azərbaycanda qadınların əksıəriyyətinin internetə çıxışı var. Bu rəqəmin artması üçün daha çox tədbirlər görülməlidir.

İnternetdən istifadə belə qadınlarda özünə inamı və gücü təmin edir və cəmiyyətdə özünə yer tutmağa kömək edir. Əvvəllər qadınlarımız məişət işlərinin çoxluğundan özlərinə zaman ayıra bilmirdilər və inkişafları ləngiyirdi. İndi isə məişət işlərində yardımçı olan İKT avadanlıqları həyatımızın əvəzolunmaz parçasına çevrilib.

Kişi İT olursa, qadın İT niyə olmasın?  

Qadınlar bu sahəyə özünü doğrultmaq və inkişaf etdirmək üçün gəlməlidir. Həyatımızı kompütersiz, telefonsuz düşünmək mümkün deyil. Niyə qızlarımız bu inkişafdan kənarda qalsınki? Əgər xanım İKT sahəsində işləyəcəksə, onun qarşısında böyük perspektivlər açılacaq, nailiyyətlər qazanmağı bacaracaq. Azərbaycan Qafqaz ölkələri sırasında bu sahədə liderlər sırasındadır.

Bu sahə o qədər də çətin deyil. Əgər kişilər bacarırsa, deməli biz qadınlar da bacararıq. Bu sahədə daha çox imkanlar var.