Sahibkarlara dəstək: Standartlaşdırma üzrə Dövlət Fondu yaradıldı - VİDEO

Sahibkarlara dəstək: Standartlaşdırma üzrə Dövlət Fondu yaradıldı - VİDEO

21.12.2020 16:02

Sahibkarlara dəstək məqsədilə Standartlaşdırma üzrə Dövlət Fondu yaradılıb.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən verilən məlumata əsasən, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Standartlaşdırma üzrə dövlət fondunun təşkili, saxlanması, aktuallaşdırılması və mühafizəsi Qaydaları” əsasında sahibkarlıq subyektlərinin normativ texniki sənədlərə əlçatanlığının təmin edilməsi məqsədilə yaradılıb.

Bildirilib ki, Standartlaşdırma üzrə Dövlət Fondu müvafiq dövlət orqanları, beynəlxalq, regional, habelə xarici və yerli təşkilatlarla qarşılıqlı əlaqə şəraitində qurulan, standartlaşdırma sahəsində sənədlərin məcmusundan ibarət olan və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən idarə olunan informasiya resursudur.

Fondda dövlət standartları, texniki şərtlər, beynəlxalq (regional) və dövlətlərarası standartlar, müqavilələr, habelə onların tətbiqi qaydaları haqqında rəsmi məlumat və sənədlər əksini tapır.

Qeyd edilib ki, Fondun resursları istehsalla məşğul olan yerli sahibkarlıq subyektlərinə elmin, texnikanın və  texnologiyanın müasir nailiyyətlərinə əsaslanan istehsalın təşviqinə, bununla da ölkəmizdə istehsal olunan istehlak mallarının rəqabətə davamlılığının yüksəlməsinə əlavə imkan yaradacaq. Eyni zamanda, ixracla məşğul olan sahibkarlıq subyektləri də idxalçı ölkələrin tələbləri ilə tanış ola biləcəklər. Bu da öz növbəsində, ölkənin ixrac imkanlarının artırılmasına, sahibkarların beynəlxalq ticarətdə qarşılaşdıqları əsassız maneələrin aradan qaldırılmasına töhfə verəcək.

Qanunvericiliyin tələblərinə görə texniki tənzimləmənin şamil olunduğu istehlak mallarının dövriyyəsi ilə məşğul olan sahibkarlıq subyektləri üçün fondda saxlanılan standartların və digər normativ sənədlərin icrası məcburidir. Standartların tələblərinə cavab verməyən malların satışı qadağandır və bu hal istehlakçı hüquqlarının pozulması hesab olunur.

İnzibati Xətalar Məcəlləsinə əsasən, standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların satışını həyata keçirən vəzifəli şəxslərə 1 500 manatdan 2 000 manatadək məbləğdə, hüquqi şəxslərə 4 000 manatdan 6 000 manatadək inzibati cərimə tətbiq olunur.

Sahibkarlar və bütün digər maraqlı tərəflər standartlaşdırma üzrə normativ sənədlərin rəsmi nəşrlərini Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin internet saytı vasitəsilə və ya kağız daşıyıcılarda əldə edə bilərlər.