Samir Şərifov: “Bu il xəzinədə 500 milyon manat qalıq gözləyirik”

Samir Şərifov: “Bu il xəzinədə 500 milyon manat qalıq gözləyirik”

23.12.2020 12:02

“2021-ci ildə də Azərbaycanda ABŞ dollarının məzənnəsinin 1,7 manat saxlanılması nəzərdə tutulub”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət və icmal büdcələrinin layihələrinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov bildirib.

Bundan başqa, nazir qeyd edib ki, gələn il Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmalarının 3,9 milyard manat olacağı gözlənilir:

“Bu ilin büdcəsində bu rəqəm 4 milyard manat götürülmüşdü, sonradan dürüstləşmə zamanı 3,83 milyard manat müəyyən edildi. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin isə qeyri-neft sektorunun yığılan vergilər hesabına büdcəyə 5,674 milyard manat təmin edəcəyi gözlənilir”.

S.Şərifov 2020-ci ilin büdcəsinin icrası barədə də danışıb:

“İcra zamanı xəzinədə 500 milyon manat qalıq gözləyirik. Bu qalıq gələn ilin büdcəsinin kəsirinin maliyyələşdirilməsi üçün istifadə ediləcək”.