Siz ata-baba torpaqlarınızda qəhrəmanlıq dastanı yazdınız! – PREZİDENTƏ MÜRACİƏTLƏR

Siz ata-baba torpaqlarınızda qəhrəmanlıq dastanı yazdınız! – PREZİDENTƏ MÜRACİƏTLƏR

22.12.2020 10:54

Azərbaycanda və xaricdə yaşayan həmvətənlərimiz, eyni zamanda, xarici ölkələrin vətəndaşları Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət edirlər.

Müraciətlərdə şanlı Ordumuzun sentyabrın 27-dən işğalçılara qarşı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlatdığı və tarixi zəfərlə nəticələnmiş əməliyyatlar birmənalı olaraq alqışlanır və ölkə başçısına böyük dəstək ifadə olunur.

Müraciət edənlər bildirirlər ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan xalqının Milli Qəhrəmanıdır. Prezident bu adı döyüş meydanında qazandı.

Prezident İlham Əliyevə müraciət edənlərin arasında Türkiyə vətəndaşları da var.

“Erməni terrorçuları tərəfindən işğal olunmuş torpaqlarımızı azad etməklə Siz bütün türklərin başını göylərə qaldırdınız. Türkiyədə yaşayan hər bir insan Sizin möhtəşəm Qələbənizə, Azərbaycan Ordusunun və Azərbaycan xalqının Zəfərinə ürəkdən sevinir.

Torpaqlarımızın azadlığı yolunda şəhid olan əsgərlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa, ailələrinə isə səbr diləyirik.

Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan Ordusu! Yaşasın türk milləti! Yaşasın Müzəffər Ali Baş Komandanımız İlham Əliyev!”, - Dost və qardaş ölkə vətəndaşları öz məktublarında qeyd ediblər.

Müraciət edən şəxslər vurğulayıb ki, İlham Əliyev Azərbaycan xalqının qüdrətini təkcə Ermənistana deyil, bütün dünyaya göstərdi. Onun sayəsində biz təkcə döyüş meydanında deyil, informasiya müharibəsində də qalib gəldik. Prezident İlham Əliyev müharibə getdiyi bir vaxtda dünyanın aparıcı kanallarına mətin, əsaslı cavabları ilə haqq səsimizi çatdırdı.

Müraciət edən gənclər də Ali Baş Komandana inandıqlarını, işğaldan azad edilən tarixi yurd yerlərimizin prezidentin rəhbərliyi, quruculuğu sayəsində gündən-günə daha da inkişaf edəcəyinə, çiçəklənəcəyinə əmin olduqlarını dilə gətiriblər.