SOCAR və onun törəmələrinin büdcəyə ödəyəcəyi vergilər azaldılıb - RƏSMİ

SOCAR və onun törəmələrinin büdcəyə ödəyəcəyi vergilər azaldılıb - RƏSMİ

21.12.2020 15:14

2021-ci il üzrə proqnozlaşdırılan dövlət büdcəsinin gəlirlərinin 54,2 faizi və ya 13 milyard 776 milyon manatı neft sektorunun payına düşür. 

Oxu.Az-ın Maliyyə Nazirliyi tərəfindən təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən verdiyi məlumata görə, neft sektoru üzrə dövlət büdcəsi gəlirlərinin 88,6 faizini və ya 12 milyard 200 milyon manatını Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert, 11,4 faizini və ya 1 milyard 576 milyon manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edir.

Bildirilib ki, vergi orqanlarının xətti ilə neft sektoru üzrə daxilolmalarda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) üzrə büdcə ödənişləri 1 milyard 136 milyon manat və neft-qaz sahəsində fəaliyyət göstərən Hasilatın Pay Bölgüsü sazişlərindən mənfəət vergisi 440 milyon manat nəzərdə tutulur. Bu isə vergi orqanları tərəfindən neft sektoru üzrə daxilolmaların müvafiq olaraq 72,1 və 27,9 faizini təşkil edir.

Qeyd edilib ki, SOCAR və onun törəmə müəssisələri tərəfindən 1 milyard 136 milyon manat məbləğində dövlət büdcəsinə vergi öhdəlikləri 2020-ci ilin təsdiq edilmiş proqnozundan 104 milyon manat və ya 8,4 faiz, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 273,3 milyon manat və ya 19,4 faiz azdır.

Azalmanın əsas səbəbi növbəti il üzrə xam neft ixracının azalması, təbii qazın ixrac qiymətinin aşağı düşməsi, Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704 nömrəli Qanunu ilə Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən 1 yanvar 2020-ci il tarixindən ƏDV üzrə vergi tutulan əməliyyatın vaxtının təqdim edilən mallar (işlər və xidmətlər) üçün faktiki ödənişin aparıldığı vaxt sayılmasının Şirkətin vergi öhdəliklərinə təsirinin nəzərə alınması olub.

Hasilatın Pay Bölgüsü sazişlərindən mənfəət vergisi 2020-ci ilin proqnozundan 110 milyon manat və ya 20 faiz, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 391 milyon manat və ya 47,1 faiz azdır. Azalmanın səbəbi OPEC+ sazişi çərçivəsində satış üzrə neft həcmlərinin azalması ilə bağlı olub.

Nigar Məmmədova