Ukrayna Ali Radasının deputatı: “Prezident İlham Əliyev Azərbaycan xalqını böyük Qələbəyə apardı”

Ukrayna Ali Radasının deputatı: “Prezident İlham Əliyev Azərbaycan xalqını böyük Qələbəyə apardı”

24.12.2020 17:03

Bu il koronavirus pandemiyası şəraitində iqtisadi, sosial və siyasi sabitliyin qorunması uğur hesab edilməlidir. Prezident İlham Əliyev bütün dünya üçün belə bir çətin dövrdə vətəndaşların rahatlığını təmin etməklə yanaşı, Azərbaycan xalqını 30 ilə yaxın müddətdə gözlədiyi böyük Qələbəyə apardı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Ukrayna-Azərbaycan dostluq qrupunun həmsədri Valeri Kolyux söyləyib.

O deyib ki, Prezident İlham Əliyevin siyasəti bir çox ölkələr üçün nümunədir. Bu siyasət strateji təfəkkürə, vətənpərvərliyə və Azərbaycan xalqına qayğıya əsaslanır.

Deputat qeyd edib ki, indi Azərbaycanın qarşısında yeni vəzifələr durur. İlk növbədə, bu, azad edilmiş ərazilərin bərpasıdır. Prezident İlham Əliyevin ilk addımları artıq bu istiqamətdə işlərin başladığını nümayiş etdirir.

Valeri Kolyux vurğulayıb ki, regiona çoxdan gözlənilən sülh gəldi. Bu sülhü Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı təmin etdi.

Deputat Ukraynanın Azərbaycanın ərazi bütövlüyünün bərpasını alqışladığını və Kiyevlə Bakı arasındakı strateji tərəfdaşlığın yalnız daha da güclənəcəyinə ümid etdiyini vurğulayıb.